Azərbaycanda Ukrayna Mədəniyyəti
Günləri başlamışdır
İyunun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda
Ukrayna Mədəniyyəti Günlərinin təntənəli
açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açılış mərasimində demişdir ki, Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri "2011-2015-ci illər üçün Ukrayna ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlıq tədbirləri planı"na uyğun keçirilir. Bu plan Ukrayna Prezidenti Viktor Yanukoviçin 2011-ci il aprelin 28-də Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmışdır.
Ə.Vəliyev vurğulamışdır ki, Ukrayna həmişə Azərbaycanın etibarlı tərəfdaşı olmuşdur. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Azərbaycan Ukraynada keçirilən bütün beynəlxalq mədəni tədbirlərdə iştirak edir. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti artıq neçə ildir ki, Ukrayna səhnələrində uğurla nümayiş etdirilir. Ukraynalı gənc ifaçılar vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsində mütəmadi iştirak edirlər.
Ukrayna mədəniyyət nazirinin müavini Timofey Koxan bu bayramın təşkil edilməsinə görə Ukrayna və Azərbaycan səfirliklərinə, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinə minnətdarlığını bildirmişdir.
Ukrayna Mədəniyyəti Günləri P.Virski adına dünya şöhrətli Ukrayna akademik milli rəqs ansamblının çıxışı ilə başlanmışdır. Kollektiv "Polzunes" və "Qopak" Ukrayna xalq rəqslərini ifa etmiş, bu qardaş xalqın uzaq keçmişindən bəhs edən xoreoqrafik nömrələr göstərmişdir. Mədəniyyət günləri çərçivəsində "Ukrayna bu gün" mövzusunda fotosərgi açılmış, "Kəhrəba mozaikalar" adlı nadir kulturoloji layihənin təqdimatı olmuşdur.
Tədbir iştirakçılarına "Nar ağacı" və "Buta ağacı" adlı kəhrəba mozaik pannolar təqdim edilmişdir. Bu əsərlər məxsusi Bakı sərgisi üçün hazırlanmışdır. Ukraynalı rəssamlar Şəki Xan Sarayının naxışları və motivləri əsasında yaradılmış Dünya Həyat Ağacı mövzusunu özünəməxsus bir tərzdə təqdim etmişlər. Sərgidə kəhrəba mozaikalarla bərabər, rəngli şüşədən instalyasiyalar, vazalar, kəhrəba oyuncaqlar, "Oranta" və "Sofiya ağacı" kəhrəba mozaikalarının fotosurətləri də nümayiş etdirilir. Bədii sərgidəki eksponatlardan biri qədim tarixi olan kəhrəbadır.
Ukrayna
sənaye üsulu ilə kəhrəba hasilatına görə
dünyada ikinci yeri tutur. Bu sərgidə
nümayiş etdirilən kəhrəba Rovno vilayətindəki
Vladimires-Vostoçnı yatağında
çıxarılır.
Azərbaycan.-2013.- 19 iyun.- S. 15.